Fərəh Qorgülü, “Gedik Welding” şirkətinin ixrac üzrə meneceri
Bizim holdinq 1963-cü ildən fəaliyyət göstərir, baş ofisi isə Türkiyədə yerləşir. Biz dünyanın 90-dan çox ölkəsinə məhsul ixrac edirik. Şirkətimiz əsasən qaynaq elektrodları, qaynaq avadanlıqları və qaynaq kabellərinin istehsalı ilə məşğuldur. Biz yalnız binaların deyil, həm də dəmir yollarının, gəmilərin, təyyarələrin inşasında istifadə olunan avadanlıqlar istehsal edirik.
Bu yaxınlarda Azərbaycanda filialımız - Neftçala rayonunda yerləşən fabrik fəaliyyətə başlayıb. Türkiyəli mütəxəssislər buraya gəlir, hər şey onların nəzarətindədir. Yerli məhsullar “Made in Azerbaijan” brendi ilə etiketlidir.
Bu gün stendimizdə gəmilər və yanğın hidrantları üçün armaturlar, qaz armaturları, qaynaq avadanlıqları, müxtəlif formatda (karton, plastik, dəmir və s.) qablaşdırılmış elektrodlar təqdim edilir.
Qarşıdan gələn bir neçə ildə Qarabağda planlaşdırdığımız bir çox layihə var. İqtisadiyyat nazirliyi Ağdam rayonunda qaynaq kabellərinin istehsalına başlaya biləcəyimiz fabrikin yaradılması üzrə layihəmizi qəbul və təsdiq edib.
Düşünürəm ki, sərgilər çox vacibdir. Hamımız bilirik ki, pandemiyadan sonra bir çox layihə onlayn rejimdə həyata keçirilir. Ancaq ənənəvi sərgilər, xüsusən də MDB ölkələri ilə əlaqələri gücləndirmək üçün daha təsirli və maraqlıdır. Hər sərgi müştərilərin, yeni əlaqələrin və satışların artmasını təmin edir.