Müxtəlif istiqamətləri əhatə edən şirkətləri bu sərgidə tapdım
19 oktyabr 2026
Nuray Əsədzadə, memar, Millimetr Project
Bu sərgi mənim üçün həm peşəkar inkişaf, həm də networking, yəni yeni işgüzar əlaqələrin qurulması baxımından çox önəmlidir. Burada müxtəlif şirkətlərlə yaxından tanış olmaq imkanı da var. Memar olaraq mənim üçün daha çox şirkət tanımaq, əməkdaşlıq imkanlarını genişləndirmək və yeni məlumatlar əldə etmək çox vacibdir. Eyni zamanda, ünsiyyət və yeni əlaqələrin qurulması sayəsində daha yaxşı imkanlar əldə etmək mümkündür.
Buna görə də düşündüm ki, bu sərgidə iştirak etmək mütləq lazımdır. Əsasən memarlıq, tikinti, konstruksiya və mühəndislik sistemləri sahəsində fəaliyyət göstərən şirkətlərlə maraqlanıram. Artıq bir neçə mühəndislik və memarlıq şirkətinin nümayəndələri ilə ünsiyyət qurmuşam. Düzdür, onların hamısı birbaşa mənim ixtisasımla əlaqəli deyil, amma fəaliyyətləri və əməkdaşlıq imkanları ilə tanış olmaq mənim üçün maraqlıdır. Burada kifayət qədər məlumat var və şirkətlərin nümayəndələrinə yaxınlaşıb onlarla ünsiyyət qurmaq mümkündür.
Ümumilikdə, sərginin çox yaxşı təşkil olunduğunu düşünürəm. Burada müxtəlif sahələri təmsil edən şirkətlər geniş şəkildə təqdim olunub. Tikinti və konstruksiya sahəsi ilə bağlı müxtəlif istiqamətləri əhatə edən şirkətləri burada tapmaq mümkündür.
Düşünürəm ki, Xəzər Tikinti Həftəsi çərçivəsində keçirilən sərgilər həm sahibkarlar, həm də əməkdaşlar üçün çox faydalıdır. Sahibkarlar bir-biri ilə işgüzar əlaqələr qurur, təcrübə mübadiləsi aparır, layihələrini bölüşür və yeni əməkdaşlıq imkanları əldə edirlər. Əməkdaşlar və mütəxəssislər də işəgötürənlərlə əlaqə yarada, yeni tanışlıqlar qura, vakansiyalar haqqında məlumat əldə edə və uyğun iş imkanlarına müraciət edə bilərlər. Bundan əlavə, belə tədbirlər yeni karyera imkanlarının yaranmasına da şərait yaradır. Bu səbəbdən hesab edirəm ki, belə sərgilərin mütəmadi olaraq keçirilməsi çox yaxşı olardı. Ən azından, daha çox mütəxəssis və əməkdaş bu imkanlardan faydalana bilər.