İtaliya və Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsinin səmərəli yolları
20 oktyabr 2026
Çeçiliya Oliva, İtaliya Ticarət Agentliyinin (ITA) direktoru
Sərgidə İtaliyanın müxtəlif regionlarını təmsil edən 46 İtaliya şirkəti iştirak edir. Onlar tikinti sənayesi ilə bağlı müxtəlif sektorlarda fəaliyyət göstərirlər. Mən yalnız bu gün gəlmişəm, buna görə də hələ bütün iştirakçılarla həmsöhbət olmaq imkanım olmayıb, lakin deyə bilərəm ki, sərgiyə böyük maraq var. Bu şirkətlərin əksəriyyəti üçün bu, Azərbaycana ilk səfərdir. Onlar yerli bazarı daha yaxşı anlamaq, onun tələbatlarını müəyyənləşdirmək və məhsullarının azərbaycanlı müştərilərin tələblərinə cavab verib-vermədiyini öyrənmək üçün buradadırlar.
Azərbaycan və İtaliya uzun illərdir ki, müxtəlif sahələrdə, o cümlədən tikinti sektorunda əməkdaşlıq edirlər. Misal olaraq, son on il ərzində Azərbaycanda fəaliyyət göstərən DBA mühəndislik şirkətini göstərmək olar. Onun nümayəndələri yerli bazarda zəngin təcrübəyə malikdirlər və Azərbaycanda biznesin spesifikasiyasını, habelə azərbaycanlı tərəfdaşlarla işləmək qaydalarını yaxşı anlayırlar.
Sərgi zamanı iştirakçı şirkətlər çoxlu sayda əlaqələr qurdular. Lakin növbəti addım bu əlaqələri inkişaf etdirmək, münasibətləri möhkəmləndirmək və konkret layihələrə gətirib çıxara biləcək real qarşılıqlı marağın olub-olmadığını müəyyən etməkdir. Bəzən sərgidə ilk dəfə iştirak etmək, ilk növbədə, bazarla tanış olmaq və ilkin əlaqələr yaratmaq imkanıdır. Bundan sonra şirkətlər gələcək əməkdaşlığın perspektivlərini qiymətləndirə biləcəklər. Bəlkə də hiss olunan nəticələri artıq gələn il görəcəyik.
Biz bu sərginin tərəfdaşıyıq və İtaliya pavilyonunu təmsil edirik. Hesab edirəm ki, Xəzər Tikinti Həftəsi çərçivəsində keçirilən sərgilər və tədbirlər çox mühümdür, çünki onlar müxtəlif şirkətlərin nümayəndələri ilə birbaşa görüşmək və ünsiyyət qurmaq, yerli bazarı daha yaxşı anlamaq və ölkədə biznesin necə idarə olunduğu haqqında daha çox məlumat əldə etmək imkanı yaradır. Bu görüşlər həmçinin biznesə yanaşmalardakı fərqləri anlamağa, peşəkar münasibətlərin necə qurulduğunu dərk etməyə və İtaliya ilə Azərbaycan arasında əməkdaşlığı möhkəmləndirməyin en səmərəli yollarını müəyyən etməyə kömək edir.