Oktyabrın 21-də Bakı Ekspo Mərkəzində “Rebuild Karabakh” 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisi, “BakuBuild” 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi və “Aquatherm Baku” 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisini birləşdirən Xəzər İnşaat Həftəsi başa çatdı. Xəzər İnşaat Həftəsində dünyanın 16 ölkəsindən 300-dən çox şirkət iştirak etdi.
“BakuBuild” sərgisinə maraq ildən-ilə artır və bu, dövlətin və cəmiyyətin bu sahəyə diqqətini nümayiş etdirir. Son iki ildə işğaldan azad edilmiş Qarabağ torpaqlarında aparılan geniş tikinti-quruculuq işləri çərçivəsində sərgi daha da populyarlaşaraq genişlənib, bunun fonunda aparıcı şirkətlərin cəlb olunması ilə mühüm layihələr həyata keçirilir.
Bu sərgi tikinti materialları, keramika, dekorativ daş və interyer tərtibatı üçün digər bəzək materiallarının geniş çeşidini əhatə etdi. Boya və lak sektoru geniş şəkildə təmsil olundu. Ziyarətçilər tikinti texnikası, eləcə də dam örtüyü materialları, ağac emalı, metal prokatı məmulatlarının və s. istehsalçılarının eksponatları ilə tanış oldular.
Müasir şəhərsalma üsulları, bu sahə üzrə yeni texnologiyalar bir çox yerli və xarici mütəxəssisin diqqətini cəlb etdi. Hər bir stenddə aparılan sonsuz peşəkar dialoqlar və tikinti sənayesi mütəxəssislərinin hər cür görüşləri sərginin əsas əlamətinə çevrildi. Bu cür sərgilərlə müsbət nəticələr və biznesin təşviqi əsasən stendlərdə məhsulların həm təqdim edilməsi, həm də sınaqdan keçirilməsi əsnasında, eləcə də canlı ünsiyyət və cari tendensiyaların kollegial müzakirəsi zamanı təmin olunur.
Qeyd etmək lazımdır ki, kiçik və orta müəssisələrin sahibləri və menecerlərindən ibarət olan çoxsaylı ziyarətçilər sərginin miqyasına və peşəkar təsirinə heyran qalaraq, gələn il də bu sərgidə iştirak etmək istəklərini qeyd etdilər.
Beləliklə, sərgilərin üç günü ərzində minlərlə mütəxəssis tikinti sənayesinin yenilikləri ilə tanış olmaq, müqavilələr bağlamaq, bu sənayenin aparıcı istehsalçıları və distributorları ilə tərəfdaş olmaq və bundan sonra ən son texnologiyaları ölkənin sürətlə inkişaf edən tikinti sənayesinə tətbiq etmək imkanını qazandı.
Sərgilərin təşkilatçıları “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management”, “ICA Eurasia”, “GIMA” və s. şirkətləridir.