“Сaspian Еvent Оrganisers” (СEO) şirkətinin təşəbbüsü və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə 25-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat sərgisi çərçivəsində alıcı missiyası təşkil olunacaq.
22-25 oktyabr tarixində Bakı şəhərində keçiriləcək 25-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat sərgisi çərçivəsində ilk dəfə olaraq Azərbaycan ərazisinə alıcı missiyası təşkil olunacaq. Missiyanın təşkili sərgidə nümayiş olunan məhsullara maraq göstərən Gürcüstan, İran, Rusiya, Özbəkistan və digər ölkələrdən olan potensial müştərilər üçün maksimum səmərəli və rahat iş şəraitinin yaradılması məqsədi ilə həyata keçiriləcək.
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev məlumat verib. Bildirilib ki, “Azərbaycan ərazisinə alıcı missiyalarının təşkili” mexanizmi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ilin 5 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş 10 fərqli mexanizm- dəstək tədbirindən biridir. Sözügedən mexanizm “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsulların rəqabət qabiliyyətini artıracaq, yerli məhsulların ixracının genişləndirilməsi, eləcə də, qeyri-neft istehsalının stimullaşdırılmasında mühüm rol oynayacaq. Qeyd olunub ki, gələcəkdə təşkil olunacaq digər sərgilərdə də bu mexanizmin tətbiq olunacağı nəzərdə tutulub.
“Сaspian Еvent Оrganisers” şirkətinin Baş direktoru Fərid Məmmədovun sözlərinə görə, AZPROMO və “CEO” şirkəti arasında mövcud əməkdaşlıq əlaqələri alıcı missiyasının təşkili ilə yeni mərhələyə qədəm qoyur. Azərbaycan məhsullarının ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədi ilə reallaşdırılacaq bu dəstək tədbiri yerli və xarici iş adamları arasında işgüzar dialoqun qurulması və qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində mühüm rol oynayacaq.