SNS COCNA: Fasad və interyer üçün maraqlı yeniliklər və yeni əməkdaşlıqlar
16 oktyabr 2025
0000
Afqan Murtuzov, SNS COCNA
Biz bu gün inşaat sərgisinə gəlmişik. Fəaliyyətimiz ümumilikdə tikinti sektoru ilə bağlıdır — interyer, eksteryer və evlərin inşası sahəsində çalışırıq. Digər pavilyonlardakı inşaat məhsulları, borular və texniki avadanlıqlar bizim fəaliyyət sahəmizə uyğun deyildi, lakin bu bölmə tam olaraq bizim işimizlə əlaqəlidir.
Burada təqdim olunan məhsullar — istər fasad sistemləri, istər pəncərə modelləri, istərsə də boyalar — hamısı çox maraqlıdır. İpək teksturalı fasad boyaları və fərqli fakturalarda olan dekorativ örtüklər xüsusilə diqqətimizi çəkdi. Seçim çox genişdir və məhsullar həm interyer, həm də eksteryer üçün olduqca zövqlüdür.
Sərgidə həmçinin Azərbaycan istehsalı olan maraqlı şam məhsulları gördük — səhv etmirəmsə, onların sıxlaşdırılmış yanıcı maddə tərkibi var idi, bu da bizim üçün yeni idi. Biz də Azərbaycanda bu cür maddədən ocaqlarda alov yandırmaq üçün istifadə edirik. Həmin stenddə peçlər də nümayiş etdirilirdi və düşünürəm ki, restoran və iaşə obyektləri üçün çox münasib olardı.
Uzun müddət idi ki, sərgilərə gəlmirdim. Universitet vaxtı bir dəfə təhsil sərgisinə gəlmişdim, bu isə illər sonra ilk dəfə iştirakım oldu. Sərgi çox maraqlı, dolğun və ziyarətçili idi.
Yeni əlaqələr də qurduq, və böyük ehtimalla bu şirkətlərdən bəziləri ilə əməkdaşlığa başlayacağıq. Ümumilikdə sərgi gözləntilərimin üzərində idi — həm faydalı, həm də ruhlandırıcı bir təcrübə oldu.