“Rebuild Garabagh”da yeni inkişaf mərhələsi — Yenidənqurmadan inkişafa

“Rebuild Garabagh”da yeni inkişaf mərhələsi — Yenidənqurmadan inkişafa

14 oktyabr 2026
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı ilin oktyabr ayında Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında bildirmişdir ki, Qarabağda bundan sonrakı illərdə “Böyük Qayıdış” daha da sürətlə gedəcək. “Təbii ki, əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır. Mənə verilən son məlumata görə, Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Biz bu günə qədər bu bölgələrin inkişafına 28 milyard manat vəsait ayırmışıq. Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib, onların böyük hissəsi başa çatıb. Eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb və bundan sonrakı illərdə “Böyük Qayıdış” daha da sürətlə gedəcək”, - deyə prezident qeyd edib. 

Qarabağda bərpa və yenidənqurma işlərinin davam etdirilməsi ilə yanaşı, regionda daimi məskunlaşma, iqtisadi fəallıq, investisiyaların cəlb olunması və uzunmüddətli dayanıqlı inkişaf məsələləri getdikcə daha böyük əhəmiyyət qazanır. Bu yeni mərhələ “Rebuild Garabagh” sərgisinin konsepsiyasında da öz əksini tapıb.

Belə ki, “Rebuild Garabagh” sərgisi sosial missiyasını və Qarabağın inkişafına töhfə verməyi davam etdirməklə yanaşı, özü də yeni mərhələyə qədəm qoyur. 2027-ci ildən etibarən sərgi bərpadan inkişafa keçidi ifadə edən yeni konsepsiya əsasında təşkil olunacaq. 

Bu transformasiya Qarabağ bölgəsində genişmiqyaslı bərpa və yenidənqurma prosesindən uzunmüddətli inkişaf mərhələsinə keçidi və əməkdaşlıq üçün yeni imkanların formalaşmasını əks etdirir. Konsepsiya dəyişikliyi bərpa və yenidənqurma prosesinin başa çatması deyil, sərginin əhatə dairəsinin genişlənərək Qarabağın uzunmüddətli iqtisadi, sosial və infrastruktur inkişafını da əhatə etməsi deməkdir. 

Konsepsiyaya uyğun olaraq, tədbir 2027-ci ildə “7-ci Azərbaycan Beynəlxalq Qarabağın İnkişafı Sərgisi” adı altında keçiriləcək. Buna uyğun olaraq sərginin yeni loqotipi də hazırlanıb. Loqotipdə yer alan “From Rebuilding to Development” — “Yenidənqurmadan inkişafa” konsepsiyası Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa işlərindən dayanıqlı inkişaf, investisiya və yeni biznes imkanlarının formalaşdırılması mərhələsinə keçidi ifadə edir. 

Yeni konsepsiya çərçivəsində sərgi Qarabağın iqtisadi və investisiya potensialının beynəlxalq auditoriyaya təqdim edilməsi, regiona müasir texnologiyaların və biznes təşəbbüslərinin cəlb olunması, yerli istehsalın təşviqi, eləcə də dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi üçün beynəlxalq platforma rolunu daha da gücləndirəcək.

Tədbir üzrə tərəfdaşlar

Regional pavilyon

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN