Original Colormix: 20 illik təcrübə ilə boya sənayesində etibar və keyfiyyət simvolu
14 oktyabr 2025
0000
ABDULHAFİZ TİLLAYEV - “Original Colormix” MMC-nin baş texnoloqu
“Original Colormix” — artıq iyirmi ildən çoxdur ki, Özbəkistan bazarında uğurla fəaliyyət göstərən boya və lak istehsalı şirkətidir. İllər ərzində müəssisə geniş regional struktura, müasir texniki bazaya və peşəkar mütəxəssislərdən ibarət təcrübəli komandaya malik güclü bir təşkilata çevrilib. Biz həm xüsusi, həm də tikinti məqsədli boya və lak materiallarının hazırlanması və istehsalı ilə məşğuluq. Boya sənayesi — bu, elm, istehsal və sənətin sintezidir. “Orijinal Kolormiks” markası altında istehsal olunan hər bir məhsul zəhmətin, təcrübənin və işə sevginin nəticəsini özündə əks etdirir. Biz əminik ki, istənilən şirkətin əsas dəyərləndirilmə meyarı məhz keyfiyyətdir. Buna görə də istehsalın hər mərhələsi — xammalın seçilməsindən tutmuş hazır məhsulun qablaşdırılmasına qədər — ciddi keyfiyyət nəzarətindən keçir.
Məhsul çeşidimiz müxtəlif sahələr üçün nəzərdə tutulmuş örtükləri əhatə edir — sənaye müəssisələrindən tutmuş yaşayış və ictimai binalara qədər. Müəssisənin xüsusi qürur mənbəyi — alkit qətranları əsasında hazırlanan və təbii şəkildə quruyan boya materiallarıdır. Alkit tərkibli məhsullar möhkəmliyi, yüksək yapışma qabiliyyəti və xarici mühitə davamlılığı ilə fərqlənir. Bununla yanaşı, biz su əsaslı boya və lak materiallarının inkişafı istiqamətində də fəal çalışırıq. Bu, müasir, ekoloji cəhətdən təmiz və getdikcə daha çox tələbat qazanan bir həlldir.
Eyni zamanda müəssisə boya və lak örtüklərinin çəkilməsi və istifadəsi üçün zəruri olan əlavə məhsullar da istehsal edir. Buraya müxtəlif növ astarlar, şpaklyovkalar, həlledicilər, modifikatorlar, həmçinin plastiklərdən alınan istilik izolyasiya materialları daxildir. Laboratoriyamız müasir avadanlıqlarla təchiz olunub ki, bu da bizə beynəlxalq standartlara uyğun tədqiqat aparmağa və istehsala innovasiyaları tətbiq etməyə imkan verir.
Şirkətimiz ilk dəfədir ki, Xəzər İnşaat Həftəsində iştirak edir. Bu, bizim üçün çox əlamətdar hadisədir — uzun illərin əməyinin nəticələrini təqdim etmək, həmkarlarla tanış olmaq, işgüzar əlaqələr qurmaq və təcrübə mübadiləsi aparmaq imkanı yaradır. Xüsusilə qeyd etmək istərdim ki, sərgi çox yüksək səviyyədə təşkil olunub. İştirakçılar üçün yaradılmış şərait mükəmməldir — stendlərin texniki təminatından tutmuş logistika və kommunikasiya məsələlərinə qədər hər şey düşünülüb. Bizim üçün bu sərgidə iştirak Azərbaycanla uzunmüddətli strateji əməkdaşlığa doğru atılan mühüm addımdır.
Azərbaycanlı tərəfdaşlarımızla əməkdaşlığımız artıq başlayıb və əminəm ki, gələcək illərdə bu əlaqələr daha da möhkəmlənəcək. Bizim üçün sərgidə iştirak sadəcə məhsul təqdimatı deyil, həm də şirkətimizin fəlsəfəsinin təcəssümüdür — işə ürəklə yanaşmaq, keyfiyyətli məhsullar yaratmaq və tərəfdaşlarla uzunmüddətli əlaqələr qurmaq. Sərginin təşkilatçılarına qonaqpərvərliklərinə və belə mühüm sənaye hadisəsinin bir hissəsi olma imkanı yaratdıqlarına görə təşəkkür edirik.