Faridun Abdualimov, Özbəkistan Elektrotexnika Sənayesi Müəssisələri Assosiasiyasının ümumi informasiya və analitika şöbəsinin müdiri
Bu gün Özbəkistanın elektrik sənayesi 620-dən çox müəssisəyə malikdir. Əsas istiqamətlər kabel keçirici və elektrotexnika məhsulları, məişət texnikası və elektrik qurğularıdır. 2020-ci ildən etibarən ölkəmizdə bərpa olunan enerji (günəş panelləri, külək turbinləri) istehsalı sürətlə inkişaf edir. Assosiasiya isə 90-dan çox üzv müəssisəni özündə birləşdirir.
"BakuBuild" sərgisində Özbəkistanda istehsal olunan məişət texnikası, mis kabellər, borular və fitinqlər, günəş batareyaları, müxtəlif gücə malik mühərriklər, işıqlandırma və quraşdırma cihazları, eləcə də elektrik quraşdırma məhsullarını təqdim edirik.
Artıq dördüncü dəfədir ki, iştirak etdiyimiz sərgi sayəsində yaxşı həcmdə razılaşmalara nail olmaq və tərəfdaşlar tapmaq mümkün olmuşdur.
Məhsullarımız "Artel", "Uzkabel", "Artikul Aziya kabel", "Dusel", "Sharq tubes", "ICG" markaları altında Azərbaycan bazarında satılır və tələb olunur. Özbəkistan ilə Azərbaycan arasında yaranmış ikitərəfli münasibətlər sayəsində bir çox birgə layihələrimiz var. Məsələn, 2025-ci ilə qədər məişət texnikasının birgə istehsalı gözlənilir. Azərbaycan Asiyanı Avropa ilə birləşdirdiyinə görə təkcə Özbəkistan üçün deyil, bütün Mərkəzi Asiya ölkələri üçün strateji əhəmiyyətli ölkə olduğundan, biz başqa ölkələrin bazarlarına çıxmağı planlaşdırırıq.