Oktyabrın 21-də Bakı Ekspo Mərkəzində 28-ci Azərbaycan Beynəlxalq İnşaat "BakuBuild" sərgisinin keçirildiyi Xəzər İnşaat Həftəsi başa çatıb.
"BakuBuild" sərgisi eyni zamanda 3-cü Azərbaycan Beynəlxalq "Qarabağın bərpası, yenidən qurulması və inkişafı" sərgisi "Rebuild Karabakh", 15-ci Beynəlxalq Yubiley Sərgisi "İstilik, havalandırma, kondisioner, su təchizatı, santexnika və hovuzlar" - "Aquatherm Baku" və 11-ci Xəzər Beynəlxalq "Yol infrastrukturu və ictimai nəqliyyat" sərgisi "Road&Traffic" keçirilib.
Bu tədbirin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf etdiyini vurğulamaq vacibdir. Onun Azərbaycanda hakimiyyətdə olduğu dövrdə ərazi bütövlüyünün təmin edilməsi və müstəqil inkişafı baxımından ölkə qarşısında xidmətləri çox böyükdür.
Azərbaycan Prezidenti İlham Əliyev tədbir iştirakçıları qarşısında çıxış edərək, indiki dövrdə Qarabağın genişmiqyaslı yenidən qurulması, bərpası və inkişafı fonunda xüsusilə aktual olan tikinti sektorunun müasir sərgi layihələrinin əhəmiyyətini qeyd etdi.
Ekspozisiya əvvəlki illərlə müqayisədə xeyli artmışdır: əgər keçən il Ekspo Mərkəzinin iki zalını tutmuşdusa, bu il üçüncü zal da artıq istifadəyə verilmişdir. Xəzər İnşaat Həftəsi ərzində Bakı Ekspo Mərkəzinin açıq meydançasında da stendlər nümayiş etdirilib. Tədbirin miqyası Azərbaycan sərgilərinə, layihələrinə beynəlxalq maraq və ölkəmizdə biznesin, investisiya layihələrinin inkişaf perspektivləri ilə müəyyən edilir. Xəzər İnşaat Həftəsi dünyanın bir çox ölkəsindən dörd yüzə yaxın şirkət bir araya gətirib, həm Azərbaycandan, həm də xaricdən minlərlə ziyarətçi cəlb edib, beynəlxalq işgüzar əlaqələri möhkəmləndirən və genişləndirən bir çox peşəkar dialoqları təmin edib.
Çoxillik tarixi olan "BakuBuild" sərgisi özünü regionun aparıcı hadisəsi və tikinti sahəsində yeni mal və xidmətlərin ölkə bazarına daxil olmasının dəyişməz kanalı kimi təsdiq etmişdir. Tədbir hədəf auditoriya ilə üz-üzə görüşlər keçirmək və yeni biznes qurmaq imkanını təmin etmişdir.
"BakuBuild" sərgisi şirkətlərin tikinti sahəsində son nailiyyətlərini, eləcə də ən yeni texnologiyaları təqdim edib. Ekspozisiya interyer, idman malları, işıqlandırma, izolyasiya sistemləri, landşaft, tikinti materialları və məhsulları, tikinti istehsalı və avadanlıqları və s.-ni əhatə edib.
Sərgiyə gələnlər tikinti proseslərinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına imkan verən texnoloji inkişaflarla tanış olublar. "BakuBuild" sərgisi tikinti sahəsində müxtəlif şirkətlərin nümayəndələrini, təchizatçıları və peşəkarları bir araya gətirib. Ziyarətçilər yeni işgüzar əlaqələr qurmaq, mümkün tərəfdaşlıq münasibətlərini müzakirə etmək və peşəkar əlaqələri genişləndirmək imkanı əldə ediblər.
Xəzər İnşaat Həftəsinin işgüzar proqramı Azərbaycan Respublikasının azad edilmiş ərazilərinə "Böyük Qayıdış" tədbirlər planı üzrə panel müzakirələrini, ikitərəfli işgüzar görüşləri (B2B) və digər tədbirləri əhatə edib.
Tədbirə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Memarlar İttifaqı, Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası (ASK), Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA), habelə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndələri dəstək göstərir.
Xəzər İnşaat Həftəsinin təşkilatçıları "Caspian Event Organisers" və "Iteca Caspian", eləcə də onların tərəfdaşları "Caspian Event Management" və "ICA Events" şirkətləridir.