Medinex 2025: Milli səhiyyə sisteminin modernləşdirilməsində nailiyyətlər
30 oktyabr 2025
0000
30 oktyabr tarixində Bakı Ekspo Mərkəzində “Caspian Event Organisers” şirkəti, eləcə də onun beynəlxalq tərəfdaşları — “Caspian Event Management” və “ICA Events” tərəfindən təşkil olunan 27-ci Azərbaycan Beynəlxalq “Tibbi İnnovasiyalar” – Medinex 2025 sərgisinin açılışı baş tutdu. Layihəyə Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən fəal dəstək göstərilir.
Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirdi ki, Azərbaycanda tibb sərgisinin keçirilməsi ölkənin tibb sahəsində aparıcı mütəxəssislərini bir araya gətirən gözəl bir ənənəyə çevrilib. Onun fikrincə, sərgidə tibbin müxtəlif istiqamətlərinin geniş təmsil olunması bu tədbirin yüksək statusundan xəbər verir. O, sərginin işgüzar proqramının da xüsusi diqqətə layiq olduğunu vurğuladı. Məruzəçinin sözlərinə görə, seminarların və panel konfransların mövzuları müasir tibbin ən vacib məsələlərinə toxunur. Bunu builki sərginin ən böyük nailiyyətlərindən biri adlandırmaq olar.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev sərginin əsas tərəfdaşı qismində çıxış edərək, Medinex-in dövlət və özəl tibb müəssisələri, şirkətlər arasında görüş və əməkdaşlıq əlaqələrinin qurulması üçün mühüm platforma olduğunu qeyd edib və bütün iştirakçılara Azərbaycan tibbinin inkişafı naminə səmərəli iş arzulayıb.
Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Rəsim İsmayılov vurğuladı ki, sərgi Azərbaycanın tibb sektorunun inkişafında mühüm rol oynayır. Uzun illərdir ki, bu tədbir sahə mütəxəssislərini, aparıcı dövlət tibb müəssisələrinin və özəl klinikaların rəhbərlərini, eləcə də bütün maraqlı tərəfləri bir araya gətirir. Cənab İsmayılov sərgidə yerli dərman preparatları və tibbi avadanlıq istehsalçılarının iştirakını müsbət qiymətləndirdi. Onun sözlərinə görə, gələcəkdə bu şirkətlərin sayı daha da artacaq.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov Azərbaycanın tibb sahəsində əldə etdiyi nailiyyətlərə və tibbi xidmətlərin keyfiyyətinin davamlı olaraq yüksəldiyinə diqqət çəkdi. Məruzəçi xüsusi olaraq qeyd etdi ki, müasir tibb innovasiyalardan və ən yeni texnologiyalardan istifadə etməklə inkişaf edir. Onun fikrincə, bu baxımdan Medinex sərgisi xüsusi yer tutur. Sənaye mütəxəssislərini, tibbi avadanlıq istehsalçılarını, investorları və akademik ictimaiyyəti bir araya gətirən bu platforma Azərbaycanın tibb sektorunun gələcək inkişafında mühüm rol oynayır.
Caspian Event Organisers şirkətinin baş direktoru Fərid Məmmədov Medinex sərgisi ilə bağlı statistik məlumatları təqdim etdi, sponsor və tərəfdaşlara təşəkkürünü bildirdi, iştirakçılara uğurlu fəaliyyət və yeni işgüzar əlaqələr arzuladı.Dövlətin səhiyyə sisteminin modernləşdirilməsinə yönəlmiş islahatları, bu sahənin son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi fonunda keçirilən “Medinex” sərgisi innovasiyaların, bilik mübadiləsinin və yeni əməkdaşlıqların təşviqinə xidmət edən vacib platformadır.
Sərgidə Azərbaycan, Belarus, Misir, İtaliya, Qazaxıstan, Çin, Oman, Polşa, Koreya Respublikası,Rusiya Federasiyası, Türkiyə, Özbəkistan və Ukraynadan təxminən 80 şirkət iştirak edir. İtaliya, Misir, Oman və Ukrayna sərgidə milli pavilyonlarla təmsil olunurlar.
“Medinex” səhiyyə və tibb sahəsinin əsas sektorlarını əhatə edir. Sərginin əhatə etdiyi bölmələr tibbi avadanlıq və cihazlar, tibbi xidmətlərdə informasiya texnologiyaları, tibbi ləvazimatlar və istehlak materialları, əczaçılıq, vitaminlər və bioloji aktiv əlavələr, ortopedik cihazlar və avadanlıqlar, protez texnologiyaları və dəstəkçi cihazlar, stomatoloji avadanlıqlar, alətlər və xidmətlər, optik və oftalmoloji avadanlıqlar, uşaq tibbi avadanlıqları və ixtisaslaşmış xidmətlər, innovativ laboratoriya avadanlıqları və texnologiyaları, farmasevtik istehsal avadanlıqları və hazır həllər, tibb müəssisələri və apteklər üçün mebel, tibbi təhsil və hazırlıq, sağlam həyat tərzi üçün həllər, tibbi nəqliyyat və təcili yardım xidmətləri və s. ibarətdir.
Sərgi çərçivəsində vacib bir təlim – “BLS (Həyatın əsas dəstəyi) – hər kəs üçün” adlı ilkin tibbi yardım üzrə maarifləndirici təlim keçiriləcək. Təlim zamanı iştirakçılara insan həyatının xilas edilməsində düzgün ilkin tibbi yardımın göstərilməsinin əhəmiyyətini və bu biliklərin hər bir insan üçün vacibliyini əks etdirən praktik və maarifləndirici materiallar təqdim olunacaq.
Sərgi zəngin işgüzar proqramla müşayiət olunur. Ənənəvi olaraq, Ekspo Mərkəzin təqdimat zonasındakı panel müzakirələri, təqdimatlar və seminarlar tibb sahəsindəki aktual mövzulara həsr olunur və həm iştirakçıların, həm də ziyarətçilərin diqqətini cəlb edir. Qonaqlara yalnız ən yeni tibbi texnologiyalarla tanış olmaq deyil, həm də tibbi biliklərin səviyyəsini artırmağa yönəlmiş praktik təlimlərdə iştirak etmək imkanı da təqdim olunur.
“Medinex” sərgisi çərçivəsində həmçinin korporativ sosial məsuliyyət layihəsinin bir hissəsi olaraq qanvermə aksiyası həyata keçirilir. Bu xeyriyyə təşəbbüsü sərginin ilk günü — 30 oktyabr tarixində Bakı Ekspo Mərkəzinin foyesində yerləşən qanvermə məntəqəsində baş tutur. Tədbirin məqsədi cəmiyyətdə donorluq mədəniyyətinin təşviqi və qana ehtiyacı olan xəstələrə real yardım göstərməkdir.
“Medinex” sərgisi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)-in dəstəyi ilə keçirilir. Hər iki qurum sərgidə öz stendləri ilə təmsil olunur.