Xəbərlər

BakuBuild - Qarabağ regionunun inkişaf perspektivləri Qarabağ regionunun inkişaf perspektivləri
08.12.2020

Xəbərlər

(İqtisadçı Asiman Quliyevin “Zerkalo” qəzetinə müsahibəsindən)

Erməni separatçılarının işğal etdikləri ərazilərdə 2.661 km yol olub ki, onun da 883 km-i respublika əhəmiyyətli, 1.788 km-i isə yerli əhəmiyyətli yollardır. Bu infrastruktura 90 avtomobil körpüsü də daxildir. Yollar canlanan iqtisadiyyatın “qan damarları”dır. Bu yollar vasitəsi ilə Qarabağ bölgəsinin rayon və kəndlərinə (bu torpaqların normal həyata qaytarılmasında başlanğıc olacaq) enerji infrastrukturu, telefon rabitəsi, internet və həyati əhəmiyyət kəsb edən infrastruktur layihələrinin yaradılması üçün lazım olan bütün resurslar daşınacaq.

İqtisadi bərpa prosesi iki istiqamətdə aparılacaq - infrastrukturun yenidən qurulması və vətənlərinə qayıdacaq insanlar üçün iş yerlərinin yaradılması. Bu vəziyyətdə dövlət iki əsas vəzifəni yerinə yetirməlidir - birincisi, əlverişli infrastrukturu, əsasən də nəqliyyat infrastrukturunu yaratmaq, elektrik, qaz və su təchizatını bərpa etmək, ticarət şəbəkələrini, kredit-pul sistemini canlandırmaq və s. İkincisi isə yaşayış üçün şərait yaratmaq, mənzillər tikmək, insanları iş ilə təmin etmək, kənd təsərrüfatı və sənaye müəssisələrinin inkişafı üçün yerlərdə şərait yaratmaq.

Hazırda yerli əhalinin mərhələli köçürülməsinə başlamaq üçün büdcəmizdə və ehtiyatlarımızda kifayət qədər vəsait var, lakin gələcəkdə biz maliyyələşdirmə yollarını da axtarmalı olacağıq. Şübhəsiz ki, azad edilmiş torpaqların iqtisadiyyatına sərmayə qoymaq bizim işimiz olacaq, çünki mənzil fondunun tikintisi, yol və digər infrastrukturun çəkilməsi üçün sifarişlər işgüzar çevrələr üçün yaxşı imkan və qazanc mənbəyidir. Beləliklə, böyük qazancın ardınca yeni işgüzar ideyalar yaranacaq. Bundan başqa, indi ciddi insan və kadr potensialımız da mövcuddur.

30 il əvvəl 800 min qaçqın bu bölgədən çıxıb və əhalinin təbii artımı prosesi yaşanıb. Bu gün isə yerli əhalinin sayı 1 milyon 250 min adama çatıb. Bunlar isə iqtisadi bərpa, habelə faydalı qazıntı yataqları və daş karxanalarının işlənməsi, eləcə də mineral bulaqların mənimsənilməsi (mineral suların 40%-ə qədəri Qarabağ bölgəsində yerləşir) üçün lazım olan əmək resurslarıdır. Bu bölgədə 160-dan çox müxtəlif mineral yataq cəmləşib. Kəlbəcər, Laçın, Tərtər və Ağdam qızıl, gümüş, mis, molibden və civə ilə zəngindir. Dəmir və xrom yataqları isə Cəbrayıl, Kəlbəcər və Laçın rayonlarında yerləşir. Ölkənin işğal olunmuş hissəsində xeyli həcmdə kükürd ehtiyatı var. Azad edilmiş torpaqlar çınqıl, qum, gil və digər mənbələr ilə zəngindir. Bütün bunlar yerli istehsalın inkişafı və ölkənin ixrac mövqelərinin möhkəmlənməsi üçün münasib imkan yaradır. Bu proses mərhələli olacaq və həm daxili bazara, həm də ixraca yönəldiləcəkdir.


2021 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar